Архив | Июнь 2018

ŞARL BODLER. SPLİN 2

 

бодлер

                  Spleen

Yaşım mindir elə bil, o qədər xatirəm var,
Böyük dolab, yığılıb gözlərində hesablar,

Rəsmi sənədlər, roman, şeir, sevgi məktubu,
Ağır saç kəsikləri qəbzlərlə burulub.

Burda sirr kədər dolu beynimdəkindən də az,

Bu bir piramidadır, bu bir nəhəng sərdaba.

Bura qardaş qəbrindən tutar daha çox meyit,

 — Mən qəbiristanlığam, ay mənə nifrət edir.

Uzun qurdlar sürünür peşmanlıq ağrısı tək,

Ən əziz ölülərin üstünə tökülərək.
Solğun çiçəklər dolu buduaram mən qədim,

Hara baxsan, atılıb zamanı keçmiş geyim.

Ağımtıl və hüznlü pastelləri Buşenin,

Qoxusunu alırlar ağzı açıq şüşənin.

Uzunluqda bu axsaq günlərə yox bərabər,
Qarlı illərin ağır lopaları tökülər.

Yaslı inamsızlığın acı meyvəsi qüssə,
Qəlbi bürüyər, alar ölümsüzlük miqyası.
Daha bil indən belə, ey həyati maddə, sən!
Qorxular döyəcləyən bir parça qranitsən.

Ilğımlı Saharanın ucqarında uyuyan,
Qoca bir sfinks, onu almır eyninə dünya.

Silinib xəritədən və ovqatı yamandır,
Nəğmə demək həvəsi gələr günəş batanda.

Fransızcadan tərcümə

07-08.06.2018

Samara

ŞARL BODLER. SPLİN 1

бодлер

                        Spleen

Plüvioz elə bil bütün şəhərdən küsüb,

Nəhəng camından soyuq dalğaları əndərir,
Çürüdür məzarlığın yazıq əhalisini,

Dumanlı məhlələrdə islanır ölərilər.

 

Bir döşəkçə axtarır döşəmədə pişiyim,
Birəli arıq bədən titrəyir dayanmadan.

Ruhu qoca şairin navalçada dolaşır,

Zökəmli kabus səsi sanki ucalır ordan.

 

Nalə çəkir böyük zəng,  tüstüləyən kötüksə,
Falsetiylə dəm tutur kəfgirdən gələn səsə

Kartlardansa yayılır ətrafa mənfur iylər.

 

Əli-ayağı şişli qarıdan fatal bir irs,
Ürək açır valetlə indi qaratoxmaq qız,

Xatırlanır nə vaxtdan ölüb gedən sevgilər.

 

 

Fransızcadan tərcümə

08.06. 2018

Samara

ŞARL BODLER. GÖZƏL GƏMİ

бодлер

Le Beau Navire

Sadalamaq istərəm, incə, füsunkar pəri,

Gəncliyini bəzəyən bütün gözəllikləri.

İstərəm hüsnünün rəsmini çəkim,
Göstərəm uşaqsan sən, həm də yetkin.

 

Gen tumanla gedəndə sən havanı titrədib,
Elə bil ki, dənizə çıxan gözəl gəmidir.
Yelkən açıq, yollanır,
Gedir incə ritmlə, tələsmədən və ağır.

 

Uzun, yumru boynunda, dolu çiyinlərində,
Qürurla duran başın məlahətli, incədir.

Gedirsən öz yolunla.

Müzəffər ifadəli, nazlı, möhtəşəm bala.
Sadalamaq istərəm, incə, füsunkar pəri,

Gəncliyini bəzəyən bütün gözəllikləri.

İstərəm hüsnünün rəsmini çəkim,
Göstərəm uşaqsan sən, həm də yetkin.

 

İpək köynəyi sənin sinən deşir az qala,

Sənin müzəffər sinən bənzər gözəl dolaba.
Onun işıqlı və girdə gözləri

Sipər tək şimşəyi özünə çəkir.

 

Al uclarla silahlı, sipərlər azdırandır,
Gözəl şeylər və şirin sirlər var bu dolabda,

Şərablar, likörlər, incə ətirlər,
Toxunan beyinlər ağlı itirər.

 

Gen tumanla gedəndə sən havanı titrədib,
Elə bil ki, dənizə çıxan gözəl gəmidir.
Yelkən açıq, yollanır,
Gedir incə ritmlə, tələsmədən və ağır.

 

Paltarını titrədikcə gözəl ayaqlarından,
Ehtiraslar yaranar dumanlı, can ağrıdan.

Sanki iki cadugar,
Dərin camın içində qara zəhər fırladar.

 

Qolların Heraklı da bəlkə utandırardı,

Elə bil ki, möhtəşəm onlar iki boadır.

Yaranıblar sevgilin elə bir ehtirasla,
Sıxıla ki, sinənə möhür kimi basıla.

 

Uzun, yumru boynunda, dolu çiyinlərində,
Qürurla duran başın məlahətli, incədir.

Gedirsən öz yolunla.

Müzəffər ifadəli, nazlı, möhtəşəm bala.
fransızcadan tərcümə

06.06. 2018

Samara

Qeyd: şeirin üç bəndi təkrar olunur- orujinalda belədir

             ŞARL BODLER. İDEAL

бодлер

         L’Idéal

Nə vinyetlərdən baxan gözəl-gözəl şəkillər,
Eyibli hər nə varsa çürük əsr yaradan,
Nə bəzəkli ayaqlar, nə kastanyetli əllər,

Razı salmaz heç zaman mənimki tək ürəyi.

Qoy xloroz şairi Qavarni vəsf eləsin,
Сikkildəşən bir qatar naxoş gözəllikləri

Əlvan idealıma bənzəyən bir gülüsə,

Tapmaram arasında bu solğun çiçəklərin.

 

Uçurum kimi dərin ürəyimsə tələb,
Ledi Makbet, sizsiniz, cani və qüdrətli qəlb.

Küləklər diyarınndan gələn Esxil xəyalı;

 

Ya Mikelancelonun qızı, möhtəşəm Gecə,
Qəribə bir pozada qıvrılaraq dincələn,

Döşün bu şəklə düşmüş ağzında Titanların.

 

Fransızcadan tərcümə

06-07.06. 2018

Samara

ŞARL BODLER.  BAYQUŞLAR

бодлер

Les Hiboux

Qaraçöhrələrin gölgəsi altda,

Bayquşlar oturur sıralanaraq.

Özgə tanrılar tək, gözləri yanar,

Qırmızı alovla.  Xəyaldadırlar.

 

Onlar hərəkətsiz oturub qalar,
Gəlib yetişincə hüznlü anlar,

O vaxt ki, yenidən qovub toranlar,
Günəşi qüruba, yerini alar.

 

Onların görkəmi müdrikə dərsdir,
Vurnuxma, hərəkət bilsin əbəsdir,
Ağırdır dünyada nəticəsi də.

 

Sovuşan kölgəylə məst olan insan,
Yerinİ dəyişmək əgər istəsə,
Alır cəzasını hökmən, hər zaman.

Fransızcadan tərcümə

05-06. 2018

Samara

ŞARL BODLER. CINDIRÇILARIN ŞƏRABI

 

бодлер

   Le Vin de chiffonniers

Şüşəsini yel döyüb, alovunu dağıdan,

Bir küçə fənərinin qırmızı işığında,

Bəşəriyyəti qaynar fermentlər alıb gedən,
Çirkin labirint kimi ucqar bir məhəllədə,

 

Bir cındırçı dolaşır, başını yırğalayır,

Divarlara toxunub gedir şair sayağı.

Polis agentlərini almayaraq eyninə,
Şanlı layihələrlə tam açır ürəyini.

 

Qanunlar diktə edir, and da içdirir hələ,
Azğınları sarsıdır,  əl tutur zəlillərə.   
Talvar kimi açılıb qübbə başının üstdə.
Şəxsi ləyaqətinin əzəmətiylə məstdir.

 

Güzəran qayğısına, bəli, bunlar əsirdir,

İşdən də yorulublar, yaş da əzabdır indi.

Üzülüb əyilirlər zibil qalağı altda,

Nəhəng Parisdə sanki qatı qusuntudurlar.

 

Çaxır çəlləyi kimi iy verib qayıdırlar.

Döyüşlərdə hər biri onların saç ağardıb.

Köhnə bayraqlar kimi bığları da sallanır,

Gözlərinin önündə təntənəylə canlanır,

 

Şüarlar və çiçəklər, zəfər tağları hətta!

Əzəməti şadlığın təxəyyülü sarsıdar.

Hava açıq, ucalır təbil və şeypur səsi,
Eşqlə məst kütləyə bəxş edir şərəf hissi.
Şərab belə içiylə yelbeyin İnsanlığın,

Zəngin Paktol tək gedir, qızıl dalğası axır.

İnsan boğazlarıyla özünə alqış deyər,
Lütfüylə hökm sürər krallara bərabər.

 

Yatağında tək ölən qəzəbə gəlmişlərin,

Dərdini ovutmağa, acılarına şirin,
Qatmağa Tanrı yuxu yaratdı, rəhmə gəldi,
Günəş övladı Şərab İnsandan əlavədir.
İlk dəfə 15 noyabr 1854-cü ildə çap olunub

Fransızcadan tərcümə

04-06.06. 2018

Samara

  ŞARL BODLER.  PİŞİK                           

бодлер

Le Chat

Mənim gözəl pişiyim, sinəm üstdə gəl uzan,

Yığ ancaq caynaqları.

Metaldan və əqiqdən elə bil ki, yaranan,

Gözlərundə qərq olum.

 

Haçan ki, barmaqlarım başına çəkər sığal,
Ya çevik kürəyinə,

Sənin əzalarından sanki cərəyan axar,

Həzz əlimi bürüyər.

 

Qadınımı görərəm ruhən. Baxışlarıyla,
Sevimlim, sənə bənzər.

Həm dərindir, həm soyuq, ox kimi yaralayar.

 

Ayaqdan başa qədər,
Onun əsmər bədəni həndəvərində hava,
Xoşdur, yayılan incə ətirdəsə ölüm var.
Fransızcadan tərcümə

01.06. 2018

Samara

ŞARL BODLER.  SAAT

бодлер

L’Horloge

Saat! Soyuq, duyğusuz, nəhs, qorxulu tanrı,
Hədələr barmağıyla, bizə deyər: Xatırla!

Bu-gün sabah sinəni deşib titrək Ağrılar
Xof dolu ürəyinə hədəf kimi sancılar.
Dumanlanaraq Həzz uçar üfüqə sarı,
Necə pərdə dalına silfid çəkilib gedər.

Ömrün boyu payına kef düşübsə nə qədər,

Yeyər bir tikəsini həyatının hər anı.
Üç min altı yüz dəfə hər saatda Saniyə

Pıçıldayar: Yada sal! — Söyləyər mənə İndi,
Cəld və böcək səsiylə: Keçmişəm, tanıdınmı,

Həyat şirəni sordum kirli xortumumla mən.

 

Remember! Yadına sal! İsrafçı, Esto memor,
(Nə dil varsa, danışır, mənim metal boğazım.)

Tikəsidir, oyunbaz, dəqiqələr filizin,
Qızılını almamış əldən onu buraxma!

 

Xatırla ki, Zaman bir ehtiraslı qumarbaz,
Udacaq hiyləsiz də, bu, qanundur, hər dəfə.

Gün gedib, gecə uzun, Unutma ki, həmişə,
Girdab susuzdur;  axar,  qum da saatda qalmaz.

 

Tezliklə saat vurar, onda ilahi İmkan
Və müqədəs Ləyaqət, bakir arvadın sənin,

Və hətta Peşmançılıq (sonuncu karvansara!)

Deyərlər: qoca qorxaq, Öl! Daha yubanmısan!”

Fransızcadan tərcümə

02-03.06. 218

Samara

ŞARL BODLER. KABUS

бодлер

   Le Revenant
Vəhşi heyvan gözlü mələk kimi mən,
Yataq otağına yenə dönərəm.

Bürünüb gecənin kölgələrinə.

Sivişib yanına səssiz girərəm,
Mən səni ay kimi, mənin əsmərim,
Soyuq öpüşlərə qərq eləyərəm.

Məzar ətrafında qıvrılan ilan

Nəvazişlərini məndən alarsan.

 

Solğun, ayaz səhər açılan kimi,

Adamsız görərsən mənim yerimi.

Ordan soyuq getməz axşama qədər.

 

Əgər başqaları mehribanlığa

Əl atırsa sənə yaxın olmağa,

Mən sənə qorxuyla yiyələnərəm.

Fransızcadan tərcümə

01-02.06. 2018

Samara

   ŞARL BODLER. AMUR VƏ KƏLLƏ

бодлер

 Qədim çıraqaltlığı
Amur çıxıb kəlləsinə,
Bütün bəşəriyyətin,
Gəlir ordan gülüş səsi,

Yox neç nəyə hörməti,

 

Nəfəsindən kürəciklər,
Yaranır ədəbsizin.

Dünyaları elə bil ki,

Qovuşdurmaq istəyir.
İşıqlı və kövrək kürə,

Birdən uçub yüksəlir,
Qəlbini əzir tüpürür,
Altın bir arzu kimi.

 

Eşidirəm kəlləni, hər

Kürəcikdə yalvarır:

“Zalım oyun çoxmu sürər,

Deyin, sona vararmı?

 

Müdhiş qatil, çünki sənin

Çeynəyərək atdığlın,
Mənim qanım, mənim beynim,

Mənim dərimdir axı!”

 

1 iyun 1855-ci ildə çap olunmuşdur

Fransızcadan tərcümə

01.06. 2016

Samara