ŞARL BODLER. SPLİN 2

 

бодлер

                  Spleen

Yaşım mindir elə bil, o qədər xatirəm var,
Böyük dolab, yığılıb gözlərində hesablar,

Rəsmi sənədlər, roman, şeir, sevgi məktubu,
Ağır saç kəsikləri qəbzlərlə burulub.

Burda sirr kədər dolu beynimdəkindən də az,

Bu bir piramidadır, bu bir nəhəng sərdaba.

Bura qardaş qəbrindən tutar daha çox meyit,

 — Mən qəbiristanlığam, ay mənə nifrət edir.

Uzun qurdlar sürünür peşmanlıq ağrısı tək,

Ən əziz ölülərin üstünə tökülərək.
Solğun çiçəklər dolu buduaram mən qədim,

Hara baxsan, atılıb zamanı keçmiş geyim.

Ağımtıl və hüznlü pastelləri Buşenin,

Qoxusunu alırlar ağzı açıq şüşənin.

Uzunluqda bu axsaq günlərə yox bərabər,
Qarlı illərin ağır lopaları tökülər.

Yaslı inamsızlığın acı meyvəsi qüssə,
Qəlbi bürüyər, alar ölümsüzlük miqyası.
Daha bil indən belə, ey həyati maddə, sən!
Qorxular döyəcləyən bir parça qranitsən.

Ilğımlı Saharanın ucqarında uyuyan,
Qoca bir sfinks, onu almır eyninə dünya.

Silinib xəritədən və ovqatı yamandır,
Nəğmə demək həvəsi gələr günəş batanda.

Fransızcadan tərcümə

07-08.06.2018

Samara

Реклама