Yarandığının doxsan bir ili tamam olan Azərbayan Demokratik Respublikasının parlamenti iyirmi üç ay ərzində yüz qırx beş iclas keçirib. Biz bu ildönümünü az-çox abırlı qeyd eləmək üçün iki yüz qırx beş iclas keçirdik və təzə-təzə danışmağa ilhamlanırdıq, təzə-təzə ağzımız qızışırdı ki, bir namərd yerindən durub dedi ki, a mirzələr, ildönümü gəlib çatdı, deyin görək məclis qururuq ya yox. Hamı tərs-tərs baxdı o sözü deyənə ki, ay namərd, bilirik gəlib çatıb, görmürsənmi böhran keçiririk? İclas eləmək ayrı. Çalıb-çağırmaq bizim haramıza yaraşır?
Heyf o iclaslsrdan! Elə öyrəşmişdim ki, elə bil teatra gedirdim, sirkə gedirdim, türkün məsəli, kazinoya gedirdim. Vallah, ayıb olsa da, deyim ki, o yubileyqabağı iclaslarımız elə bir az qumara oxşayırdı… Qumar dedim, bir söhbət yadıma düşdü. Bir yaxşı soydaş var, hərdən məni görəndə soruşur ki, Mirzə, yenə cəmiyyətə gedirsən? Mən də başımı aşağı salıb utana-utana deyirəmi ki, gedirəm. Deyir a kişi, başına yer qəhətdir getməyə? Deyirəm bəs mən yazıq hara gedim? Arvad pis-pis yerlərə getnməyə qoymur, deyir abırlı yer elə cəmiyyətdr, ora get. Soydaşım gülüb deyir ki, Mirzə, mən demirəm ki sən pis yerlərə get, məsələn, teatra, operaya. Əlbəttə, elə yerlərə arvad qoymaz, elə bizim uşaqların anası da deyir ki, artist-martist olan yerlərə getmə, biri qol-qıç qaldırır, biri sinə atır, nalayiq danışırlar. Mirzə, mən deyirəm ki, sən yaxşı abırlı yerlərə gedə bilərsən. Deyirəm a kişi, axı hardadır abırlı yerlər? Deyir necə hardadır? Bizim gözəl-gözəl kafelərimiz abırlı yer deyilmi? Kazinolar, avtomat oyun klubları abırlı yer deyilmi? Deyir Mirzə, başın haqqı, dünyada kazinodan abırlı yer varsa, məndən qurumsaq adam cəmi Rusiyətdə yoxdur. Mirzə, kazinoda bir nəfər artıq-əskik danışmaz, istəyirsən arvad-uşaqla get. Hamı başını aşağı salıb oyununu oynayır. Deyirəm yəni bizim millətdən də kazinoya gedən var? Deyir əsas qumar oynayan elə bizim millət deyilmi? Deyirəm axı bunun uduzmağı da var, olan-lmazı uduzaram, arvad dava salar. Deyir Mirzə, sən nə kişisən ki, arvad səninlə pul söhbəti salır? Deyəsən bu cəmiyyət, demokratiya söhbətləri səni xarab edib. Məndən böyük olsan da, sənə yaxşı bir məsləhət verim: arvad dinən kimi vur gözünün altını elə qaralt ki, bir ay nəinki küçəyə çıxa bilməsin, hətta sənin də gözünə görünməyə xəcalət çəksin. Deyir Mirzə, tüpür o cəmiyyətə. Nə respublika, nə demokratiya, o vaxt kişilər bir qələtdir eləyiblər, indiyəcən çəkirik altını…
İndi oturub fikirləşirəm ki, bəlkə elə doğrudan da bir səhvdir eləyiblər?
Ancaq heyf o iclaslardan! Soydaşımla söhbətdən sonra başa düşdüm ki, iclasçıların arasında kazinoya gedənlər çox imiş. Çünki bizim iclaslarımız elə doğrudan da qumar kimi keçirdi. Biri qalxıb deyir ki, mən konsertin keçirilməyinə filan qədər verirəm. O biri sıçrayıb deyir ki, bəs mən vermirəm? Elə mən də verirəm! Ara qızır, bu deyir mən bu qədər, o biri deyir mən bu qədər, qolaylanırlar bir-birinin üstünə, çəkilirlər, sonra yenə cumurlar bir-birlərinə, əllərini ciblərinə salırlar, uzun-uzadı əl cibdən çıxmır, guya ilişib qalıb cibin dibində, sonra birtəhər çıxır, ancaq boş… Amma bir kef, bir ləzzət var ki, gəl görəsən. Allah o namərdin ağzına yara çıxarsın, yadımıza salmasaydı, bir iki yüz də belə iclas keçirəcəkdik…
Yığışıb bir təhər konsertimizi təşkil elədik. Pis olmadı. Ancaq məclisin şıdırğı yerində işıq söndü. Bilmirəm cavanlar qız götürüb qaçmaq istəyirdilər, ya nə işdi…
Bəlkə də qocalıqdandır, hərdən hövsələm daralır. O gün bir tanışım mənə deyir ki, Mirzə, deyəsən liqanızın işləri fırıqdır, kasıblıq çəkirsiniz. Deyir, sonra da gülür. Az qaldım deyəm ay qurumsaq, bəs sən azərbaycanlı övladı deyilsən? Bəs sən qarağanlıqda böyüyüb bu yerə gəlmisən? Sən qumarxanalarda, kababxanalarda kef çək, urus arvadlarına pul xərclə, millətin dərdini, qayğısını isə başqaları çəksin… Demədim, sizdən nə gizlədim, bir az qorxağam. Bir az deyəndə ki, çox qorxağam. Özü də bunların çoxunun tapançası var. Soruşanda ki, balam, siz bu tapançanı neynəyirsiniz, deyirlər necə neynirik, Mirzə, bəs ermənilərlə vuruşmağa hazırlaşmırıqmı? Ancaq ağ yalan deyirlər. Bu qurumsaqların qumar avtomatına baxmaqdan ağarmış gözü vuruşan gözünə oxşaməır…
Hərdən öz-özümə deyirəm ki, bəlkə elə doğrudan da bu millətçilik, dövlətçilik, demokratiya məsələləri hamısı bir yalan-palandır, baş ağrısıdır və sarsaq-marsaq adamlar üçündür? A kişilər, deyin görək, bəlkə elə belədir? Sizin milli öndərininz vaxtilə bir imza atmaqla Məmməd Əminin adını universitetdən götürmədi? İndi bəlkə prezident oğlu prezident də bir imza atıb birdəfəlik bu respublika tarixini tamam-kamal ləğv edər, bizim canımız da dincələr.
Və Mirzə Əlil də hər il mayın iyirmi səkkizində qoşular bizim qeyrətli kişilərimizə, gedər bir kababxanaya, ordan oyunxanaya, ordan da…
Eh, lap ağzımın suyu axdı…
Mirzə Əlil
29 may 2009, Samara