Les Aveugles
Necə də qorxuncdular, könlüm, bir bax onlara,
Maneken kimidirlər; gülüncdürlər nədənsə,
Bənzəyirlər şüursuz gecə durub gəzənə,
Göz giləsi dikilib, bilinmir ancaq hara.
Bir zaman ilahi od doğuran bəbəkləri,
Səmaya doğru qalxır, uzaqlara elə bil
Baxırlar; görən olmaz haçansa əyilibdir,
Fikirdən ağırlaşan başları səkilərə.
Qaranlıq sonsuzluğu belə yarıb gedirlər,
Əbədi sükutun bu qardaşları. Ah, şəhər!
Oxuyursan, gülürsən sənsə elə bu zaman,
Bağırtı qoparırsan vəhşi tək həvəsindən,
Mən də gedirəm, ancaq onlardan da kütəm mən,
Deyirəm: bu Səmada nədir korlar axtaran?
Fransızcadan tərcümə
14-15.07. 2018
Samara