Архив | Май 2018

ŞARL BODLER. ZƏHƏR          

бодлер

              Le Poison

Qüdrətiylə şərabın ən rəzil meyxana da,
Dönər şah sarayına,

Nağıllardan tanınan gözəl tağlar yaranar,

Durar qızıl dumanda,

Buludlar arasında necə ki, günəş yanar.

 

Sərhədini aşdırır  tiryək sərhədsizliyin,
Sonsuzluğu uzadır.

Dərinlədir zamanı, nəşələr üzə varır,

Sıxıntılı məzələr,

Axır qəlbi doldurur tuta biləndən artıq.

 
Bunlar gözlərindəki, yaşıl gözlərindəki,

Zəhərə dəyməz ancaq,

O göllərdə titrəyən qəlbim çaşqın, başayaq…

Arzularım gəlir ki,

İçə o girdabları, təşnəni yatırdaraq.

 

Bunlar dəyərmi ancaq sənin tüpürcəyinin,
Müdhiş möcüzəsinə? —

Dişlər, işlər iliyə, oda yaxılar sinə.

Və başım gicəllənər,

Ölüm sahillərinə ruhum üz tutar yenə.

 

Fransızcadan tərcümə

21-22. 05. 2018

Samara

UİLYAM ŞEKSPİR. 153-CÜ SONET               

Sonnet_153_1609.jpg

Cupid laid by his brand and fell asleep…

 Yanında məşəli yatdı Kupidon,
Gördü Dayananın kənizi bunu,

Məhəbbət odunu götürüb o dəm,
Basdı yaxındakı çeşməyə onu.

 

Çeşməyə ilahi bu eşq odundan,
Əbədi istilik gəldi, indi də,
Gedib kim çimərsə onun suyunda,
Nə azarı ola, çəkilib gedər.

 

Ancaq sevgilimin gözündən oğlan,
Məşəl alışdırtıb tutdu sinəmə.

Mən də azar tapıb həmin bulağa,
Tələsik yollandım, bataraq qəmə.

               Əlacsa tapmadım;  sevgi məşəli,

              Yandıran göz məni sağalda bilər.

 

İngiliscədən tərcümə

12-13.05. 2018

Samara

UİLYAM ŞEKSPİR. 152-Cİ SONET

 

Sonnet_152_1609.jpg

             In loving thee thou know’st I am forsworn

Bilirsən sevgimdə andpozan idim,

And içib sən pozdun ikiqat andı.

Əvvəl tapdaladın nikah əhdini

Sonra təzə eşqin nifrətə döndü.

 

İki and pozmusan, iyirmisini,
Mən özüm, daha çox mənim yalanım.

And içib aldatdım həmişə səni,
İtib mənim sənə təmiz inamım.

 

Çünki and içirdim xoşxasiyətsən.

Sevgin, sədaqətin, vəfan doğrudur.

Özümü korluğa qoyur, ya görsəm,
And içib əksini mən uydururdum.

 

                 Çünki and içirdim gözəlsən, bu da,
                 Ən çirkin yalandı səni aldadan.

İngiliscədən tərcümə

11-12.05. 2018

Samara

 

ŞARL BODLER. QATİLİN ŞƏRABI

бодлер

Le Vin de l’assassin

Daha canım azad, arvadım öldü!

Nə qədər istəsəm, içərəm indi,
Haçan ki, cibi boş evə dönürdüm,
Çığırtısı məni dəli edirdi.

+

İndi kral kimi bəxtəvərəm mən,
Gözəldir göy üzü, hava təmizdir.

Haçansa yay olub buna bənzəyən,

Onda vurulmuşduq bir-birimizə!

+

Dəhşətli bir  təşnə yandırır məni,
İndi şərab lazım özümə gələm.

O qədər içəm ki, gərək, qəbrini

Şərab ağzınacan doldura bilə.

+

Mən onu quyunun dibinə atdım,
Sonra da üstünə  tulladım onun,
Nə qədər daş-çınqıl yaxında tapdım,

Unuda biləydim kaş kii, mən bunu!

+
Təmiz məhəbbətin andı naminə,

Həmişə onunla bağlıyıq axı.

Barışıb mehriban olmağa yenə,

Necə ömrümüzün gözəl məst çağı,

+

Yalvarıb mən ondan görüş istədim,
Axşam toranında, yol qırağında.

Gəldi də! Ah, necə o, gicbəsərdi!

Başxarablığı var elə hamıda!

+

Heç dəyişməmişdi, yenə gözəldi
Hərçənd yorğun idi! Sevirdim hələ,
Onu həddən artıq, buna görə də

Sən gəl bu həyatı dedim tərk elə.

+

Heç kim başa düşməz  məni. Bir nəfər,
Bu qədər içkili kütün içindən,

Arzu edərdimi nəhs gecələr,
Yarada biləydi şərabdan kəfən?

+

Dəmirdən düzələn sanki maşındır,

Dişbatmaz, duyğusuz rəzil bu kütlə,

Heç zaman, nə yayda, nə də ki, qışda,

Bilməyib həqiqi nədir eşq hələ,

Bütün qara cadu, cazibəsiylə,

Cəhənnəm təlaşlı mərasimiylə,

Göz yaşıyla, zəhər piyaləsiylə,

Zəncir cingiltisi, sümük səsiylə!

+

  • İndi həm azadam, həm də təkəm mən,

Axşam vuram gərək meyidinəcən.

Vicdan əzabı və qorxu bilmədən,
Özümü torpağa sərərəm gecə.

+

Və yerdə it kimi yatıb qalaram,
Bəlkə bir araba ağır təkərli,
Harasa daş-kəsək, çınqıl aparan,
Qudurğan bir furqon ya da keçərkən,

+

Ya mənim günahkar başımı əzər,

Ya da düz ortamdan bölər o məni.

Gülürəm Tanrıya, həm də İblisə,

Müqəddəs sayılan nə var həmçinin.

İlk dəfə 1848-ci ilin noyabrında çap olunub

Fransızcadan tərcümə

20-21. 05.2018

Samara

UİLYAM ŞEKSPİR. 151-Cİ SONET

sonnet-151.jpg

Love is too young to know what conscience is

Bilmir vicdan nədir eşq, elə gəncdir,

Eşq onu yaradıb bəlkə də hərçənd.

Yalançım, məni bu qınamaq nədir? —
Günahlarım varsa, səbəbi sənsən.

 

Xəyanət edirsən mənə, odlanan,
Bədənə satıram qəlbimi də mən.

Ruhum bədənimə deyir ki, qazan,
Məhəbbətdə zəfər — bədən himə bənd.

 

Adınla qalxaraq sənə yönəlir
Zəfər töhfəsi tək, dolub fərəhlə,
Sən istəyən işi görməyə gəlir,
Bitirib yanına yıxılar elə.

 

                Eşqiylə qaldıran, endirən kəsə,
                Vicdanı qınama, “məhəbbət” desəm.

İngiliscədən tərcümə

11.05. 2018

Samara

QEYD: Seksual mızmunu ilə bütün başqa sonetlərdən seçilir və bu soneti “abırsız” sayanlar da var.

ŞARL BODLER. HƏR ŞEY VƏHDƏTDƏ

бодлер

   Tout entière
Məni yüksək otağımda Demon,
Gəldi görsün bu səhər, cəhd edərək,

Məni çaşdırmaq üçün, söylədi o:

“Bilmək istərdim, onu cazibədar

 

Eləyən çoxlu gözəl şeylərdən,

Yaradan ondakı gözəl bədəni

Qara ya qırmızı olsun, nə nəqər,
Şeyin içində, söylə doğru, sənə,

 
Nə daha xoş gəlir.” Ah, qəlbim o an,
Tanrı lənətləmişə verdi cavab:
“Tapılmaz onda heç nə üstün olan,
Çünki Diktamdır[i] o, başdan ayağa.

 

Onda hər şey mənə xoşdur, ayıra,
Bilmərəm bir şeyi ki, xəstəsiyəm.

İşıq saçır, necə ki, Avrora,

Gecə tək ruhuma təsəllidir həm.

 

Nəfis və incədir harmoniyası,
Buna tabe zərif, gözəl bədəni.

Duyar ən küt belə təhlilçi asan,
Çoxlu akkorddakı nizamı yəqin.

 

Ah, bu sirli metamorfoz, çevirib
Vəhdətə məndə bütün duyğuları.
Nəfəsi indi onun musiqidir,

Necə ətir də səsindən doğular.

 

Fransızcadan tərcümə

19-20.05. 2018

Samara

 

[i] Diktam – şəfalı sayılan bitki

   UİLYAM ŞEKSPİR. 150-Cİ SONET

sonnet-150.jpg

                    O from what pow’r hast thou this pow’rful might…

  

Ah, hansı mənbədən gəlir qüdrətin,

Qəlbimə hakimsən eyiblərinlə.

Sənsən ağı mənə qara gördürən,

Hökmünlə günəşi inkar elərəm.

 

Necə döndərirsən yaxşıya pisi?

Hardan şərində də əməllərinin,
Bu incə məharət, belə qüvvə ki,
Mənə xeyirdən də gözəl görünür?

 

Necə sevdirirsən məni özünə?

Nifrət axı gərək oyadasan sən!

Hamı çiyrinəni sevirəmsə də,
Çiyrinmə hamıyla vəziyətimdən.
           Mənə sevimlisə dəyərsizliyin,
           Məni sevməyinə dəyər, əzizim.

İngiliscədən tərcümə

10.05.2018

Samara

      ŞARL BODLER. BÜTPƏRƏSTİN DUASI

бодлер

  (La Prière d’un païen)

Aman, soyutma sən alovlarını,
Qoy isitsin qırov enən sinəmi,

Eşit məni, ilahə, yalvarıram,
Həm könül nəşəsi, işgəncəsən həm!

 

Hava tək sən həmişə hər yerdə,
Alışırsan yerin altında da sən.
Eşit bu təntənəli şərqini də,
Gəlir o, intizarlı qəlbimdən.
Ləzzətim! Daim ol məleykə mənə,

Bəzən, oxşat özünü bir sirenə[i],

Yarı ətdən geyim yarı da məxmərdən.

Ya da axıt, gətir dərin yuxu sən,
Sirli, amorf şərabla gözlərimə,

Həm könül ləzzəti, fantomsan həm!

 

Fransızcadan tərcümə

18-19.05. 2018

Samara

 

[i] Dənizçiləri başdan çıxarıb qayalıqlara aparan qadınlardan ya qanadlı varlıqlardan hər biri

 

UİLYAM ŞEKSPİR. 149-CU SONET

 

sonnet 149

     Canst thou, O cruel, say I love thee not

Demə ki, sevmirəm səni, a zalım,
Özümə qarşıykən səninlə birgə.

Tiran, həmişə mən qayğına qalıb,

Özümə işgəncə vermirəm məgər?

 

Sənin düşməninə dost deyənəmmi?

Acığın gələnə mehribanammı?
Qaşqabaq eləsən, çəkib naləni,

Özümdən intiqam mən almırammı?

 

Ləyaqətim yox ki, hörmət edilən,
Aşağılıq sayam sənə xidməti.

Məndə yaxşı nə var sənin himinlə,
Sənin eybinə də baş əymədimi?

 

                       Nifrət elə, canım, gözlüləri sən,
                      Sevirsən, bilirəm, koram mən isə.

İngiliscədən tərcümə

09-10.05. 2018

Samara

ŞARL BODLER. AXŞAM HARMONİYASI  

бодлер

        (Harmonie du soir)

Yetişir indi o vaxt, sapalğın üstdə əsərək,
Yayır ətrafa buxurdan kimi çiçəklər ətir.

Axşamın təntənəsində qoxular, səslər itir;
Melanxolik çalınır vals başı hərləndirərək!

+

Yayır ətrafa buxurdan kimi çiçəklər ətir,
Dinir səsində kamanın əzabdan üzgün ürək,

Çalınır vals melanxolik başı hərləndirərək,
Göy üzü mehraba bənzər, gözəl və qüssəlidir/

+

Dinir səsində kamanın əzabdan üzgün ürək,

Qaranlıq heçliyə bu incə ürək nifrət edir!
Göy üzü mehraba bənzər, gözəl və qüssəlidir;

Elə bil öz qanında qərq olur günəş gedərək.

+
Qaranlıq heçliyə bu, incə ürək nifrət edir,

Yığır işıqlı keçmişində hər nə varsa, sərvət tək,
Elə bil öz qanında qərq olur günəş gedərək…

Məndə nəzir camı tək xatirən közərmədədir!

İlk dəfə 29 aprel 1857-ci ildə çap olunub

Fransızcadan tərcümə

18-19.05. 2018

Samara